Ana Səhifə Faydalı MəlumatlarDizayner Məsləhəti Xalçanın ölçüsünün seçilməsi

Xalçanın ölçüsünün seçilməsi

by admin
0 şərh 53 görüntü

Xalça — interyerin əhəmiyyətli elementlərindən biri olub, evdə daha rahat atmosfer yaratmağa, otağı bir neçə zonalara bölməyə və, ümumiyyətlə, otağın görünüşünü əsaslı şəkildə dəyişməyə kömək edir. Məhz buna görə də evinizə xalça seçərkən bir sıra amili nəzərə almaq lazımdır. Bu gün qonaq və ya yataq otağı üçün düzgün ölçüdə xalça seçimi barədə söhbət açacağıq.

Ölçü seçimi

İnteryerdə xalçanın əsas funksiyası otağı zonalara bölməkdir. Xalçanın seçərkən, döşəmənin sahəsini, bu və ya digər zonada hansı mebel əşyalarını qoyacağınızı və otağınızda müxtəlif elementlər arasında olan əlaqəni və balansı nəzərə almaq lazımdır. Dükana xalça seçib almağa yollanmazdan qabaq, otaqda xalçanın səriləcək yerini skotçla işarələyin, və onun sizin mebel əşyaları ilə uyarlığını xəyalınızda canlandırın.

Bir qayda üzrə standart xalçalar 1,2×1,8 m və ya 1,5×2,1 m; iri xalçalar — 1,8×2,7 m ölçüdə; çox iri xalçalar isə 2,4×3 m və ya 2,7×3,6 m ölçüdə istehsal edilir.

Əgər xalçanın ölçüsü barəsində qərar verməkdə çətinlik çəkirsinizsə, ən böyük xalça almağınız daha münasibdir. Çünki kiçik ölçülü xalça böyük sahəli otaqda yaxşı görünmür.

Qonaq otağında xalça

Qonaq otağı geniş olduqda, böyük və ya çox böyük ölçüdə olan xalçanı seçmək lazımdır. Təbii ki, seçiminiz həm otağın sahəsindən, həm də sizin maddi imkanınızdan asılıdır. Xalça almaq naminə kiçik ölçülü xalça almaqdansa, heç almamaq daha yaxşıdır.

İri ölçülü xalçanı otaqda elə yerləşdirin ki, onun qıraqları mebelinizin qabaq ayaqlarının altında qalsın. Belə olduqda siz mebel ilə xalçanı vahid bir istirahət zonasında birləşdirmiş olursunuz. Əgər maddi imkanınız buna yol verirsə, iri ölçülü ən xalça alın. Belə xalça otağı zonalara bölməklə yanaşı, uşaqlarınıza və ya qonaqlarınıza bilavasitə xalçanın üstündə oturmağa imkan yaradır. Beləliklə istirahət zonası daha rahat görkəm alır.

Böyük ölçülü qonaq otağı üçün 1,8×2,7 m və ya 2,4×3 m ölçüdə olan xalça almaq lazımdır.

Kiçik sahəli otaq üçün standart 1,2×1,8 m və ya 1,5×2,1 m ölçüdə olan xalçalar daha münasibdir. Kiçik ölçülü qonaq otağında sizin seçim imkanlarınız çox məhduddur. Yəni, siz oraya yalnız standart və ya kiçik ölçülü xalça almaq məcburiyyətindəsiniz. Lakin bu zaman da xalçanın yerləşdirmə prinsipləri eynidir: onun qırıqları mebelin qabaq ayaqlarının altında qalmalıdır.

Əgər otağınızın eni azdırsa, çox güman ki, bu otaqda uzun divan yerləşir. Belə olduğu halda ən ideal variant divanın xalçanın üzərində durması və qıraqda xalçanın bir balaca hissəsinin açıq qalmasıdır.

Yataq otağında xalça

Bir çoxları yataq otağının döşəməsini bütövlüklə xalça ilə örtməyə çalışır. Əslində, xalçanın yalnız çarpayının altında olması daha gözəl görünür və estetik cəhətdən də bu daha doğru sayılır.

Xalçanın ölçüsü yataq otağının, və əsas da çarpayıyanı sahənin ölçüsündən asılıdır. Çarpayının ətrafını bütövlüklə xalça ilə örtmək düzgün deyil. Yaxşı olar ki, çarpayının hər iki qırağında olan kiçik dolablar döşəmənin üzərində, çarpayı isə xalçanın üzərində dayansın. Xalça özü isə çarpayının hər tərəfindən 50 sm qırağa çıxsın. Yataq otağındakı komod və paltar dolabını bir başa döşəmənin üzərinə qoymaq lazımdır. Əgər yataq otağında tualet masası varsa, bu “qadın gözəlliyi” zonasını kiçik ölçülü dairəvi formada olan xalça ilə ayırmaq olar.

Əslində, iki adamlıq çarpayının altına salınacaq xalçanın minimal ölçüsü 1,5×2,1 m olmalıdır, lakin imkan varsa, 1,8×2,7 m ölçülü xalça almaq məsləhət görülür.

You may also like

Şərh yaz